Cəsədlərin təhvil verilməsi ilə bağlı razılaşmanın icrası ilə bağlı vəziyyət gərgin olaraq qalır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) çərşənbə günü Əbu Kabir Məhkəmə Tibb İnstitutunda aparılan müayinədən sonra dünən gecə HƏMAS-ın təhvil verdiyi dördüncü cəsədin israilli girovlardan biri olmadığını və ekspertlərin fikrincə, bir fələstinliyə aid olduğunu açıqlayıb.
Eyni zamanda, daha üç cəsədin şəxsiyyəti təsdiqlənib: 18 yaşlı Tamir Nimrodi (hərbçi), 35 yaşlı Uriel Barux və 53 yaşlı Eytan Levi.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi şəxsiyyətin müəyyən edilməsinin nəticələri ilə bağlı ailələrin məlumatlandırılmasını təsdiqləyib və qalıqların qaytarılmasını başa çatdırmaq öhdəliyini bəyan edib.
“HƏMAS razılaşmanın bir hissəsi kimi vasitəçilər qarşısında öhdəliklərini yerinə yetirməyə və qalan cəsədləri geri qaytarmağa borcludur”, - ofisin bəyanatında deyilir. “Biz güzəştə getməyəcəyik və ölən girovların hər birinin qaytarılması üçün əlimizdən gələni edəcəyik”.
QAZİLER.AZ