"Real müxalifət kənarda deyil, elə Suriyanın özündə formalaşmalıdır. Əgər müxalifət siyasidirsə, mütləq cəmiyyətin dəstəyini qazanmalıdır". APA TV-nin məlumatına görə, bu fikirləri Çexiya mətbuatına açıqlamasında Suriya prezidenti Bəşər Əsəd səsləndirib. O, qeyd edib ki, əgər biz Suriya xalqı və ordusuna hücum etmək, ictimai və dövlət mülkiyyətini məhv etmək məqsədilə silaha malik olan üsyançılar barəsində danışırıqsa, bu, elə terrorun özüdür.
Suriya prezidenti onu da bildirib ki, hökumət eyni zamanda həm siyasi müxalifət, həm də silahlı qruplaşmalarla danışıqlar aparır və onlara silahı təhvil verdikdən sonra amnistiya vəd edir. Bəşər Əsəd vurğulayıb ki, sözü gedən amnistiya silahlı qruplaşma üzvləri qarşısında hər hansı bir ilkin şərt irəli sürülmədən elan ediləcək.Suriya prezidenti əgər növbəti seçkilərdə xalqın dəstəyini qazanmasa, istefaya getməyə hazır olduğunu bildirib. Hazırkı durumda isə Bəşər Əsəd istefa verməyəcəyini bəyan edib.
"Təbii ki, müharibənin qızğın vaxtında mən hər hansı səbəblərə görə istefaya gedəcəyimi deyə bilmərəm. Əgər bunu etsəm, şübhəsiz vətən xaini olaram. Qoy, seçki zamanı buna Suriya xalqının özü qərar versin. Xalq bunu istəsə, yenə də öz postumda qalacağam. Əks halda, məmnuniyyətlə istefaya gedəcəyəm. Bununla bağlı heç bir problemim yoxdur".