HƏMAS hərəkatı saziş çərçivəsində öhdəliklərini yerinə yetirməsə, İsrail "çətin yolla" gedəcək.
"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"HƏMAS tərksilah ediləcək, Qəzza zolağı isə silahsızlaşdırılacaq. Əgər bu, asan yolla əldə edilərsə, çox gözəl. Əgər bu mümkün olmasa, çətin yolla əldə ediləcək", - Baş nazir döyüş əməliyyatlarının bərpasına işarə edib.
Netanyahu həmçinin vurğulayıb ki, HƏMAS-la razılaşmalara ABŞ Prezidenti Donald Trampın güclü diplomatik təzyiqi sayəsində nail olunub.
O, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında qalacağını və "bütün əsas mövqeləri" saxlayacağını vurğulayıb.
Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəslə bağlı razılaşma əldə edib. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.