İtaliyanın xarici işlər naziri Antonio Tayani bəyan edib ki, Roma qarşıdan gələn Olimpiya oyunları zamanı bütün qlobal münaqişələrdə müvəqqəti atəşkəsə nail olmağa çalışacaq.
Qaziler.az bildirir ki, bu barədə “Ansa” xəbər agentliyi məlumat yayıb.
"Roma və İtaliya getdikcə daha çox sülh, inkişaf və böyümənin kəsişmə nöqtəsinə çevrilir. Milanda keçiriləcək Olimpiya oyunlarını nəzərə alaraq, biz Birləşmiş Millətlər Təşkilatına Ukrayna və Yaxın Şərq də daxil olmaqla, bütün müharibələr üçün Olimpiya atəşkəsi təklifini təqdim edirik", - Tayani bildirib.
Qış Olimpiya oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyanın iki şəhərində - Milan və Kortina d'Ampezzoda keçiriləcək.
Olimpiya atəşkəsi, idmançıların və azarkeşlərin yarış meydanına təhlükəsiz şəkildə çatmasına imkan vermək üçün Olimpiya oyunları zamanı müharibələrin dayandırılması ilə bağlı qədim Yunan ənənəsinə dayanan beynəlxalq təşəbbüsdür. İdeya 1990-cı illərdə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müasir formada yenidən gündəmə gətirilib.
QAZİLER.AZ