Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın planı əsasında Qəzza sektorunda vəziyyətin nizamlanmasına dair bərpaolunan məsləhətləşmələr zamanı İsrailin atəşkəsə razılaşmasına əməl etməsini və qoşunlarını yaşayış məntəqələrindən çıxarmasını tələb edib.
AZƏRTAC xəbər verir ki, “Sky News Arabia” telekanalının məlumatına görə, dolayı danışıqların ilk raundunda HƏMAS bu şərtlər yerinə yetirildikdən sonra girovların dəyişdirilməsi prosesinə başlamağa hazır olduğunu bəyan edib. Həmçinin hərəkat girovların dəyişdirilməsi müqabilində azad olunacaq fələstinlilərin siyahısına İsrail həbsxanalarında uzunmüddətli və ya ömürlük cəza çəkən altı yüksəkrütbəli tərəfdarının da daxil edilməsində israrlıdır. Ekspertlərin fikrincə, bu tələb razılaşmanın əldə olunmasına ciddi əngəl yarada bilər.
Qeyd edək ki, bir müddət öncə Misirin Şarm-əş-Şeyx şəhərində atəşkəsə dair yeni danışıqlar raundunun ilk günü başa çatıb. “Əl-Qahira əl-İxbariyyə” telekanalının məlumatına görə, məsləhətləşmələr “müsbət atmosferdə” keçib və danışıqların oktyabrın 8-də davam etdirilməsi gözlənilir.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Donald Trampın Qəzzada sülh üzrə “əhatəli plan”ını təqdim edib.