Xəzərdə nüvə silahı?

Xəzərdə nüvə silahı? backend

Rusiyanın Xəzər donanmasının üç raket gəmisi - “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” təlimlər keçirmək üçün açıq dənizə çıxıblar. Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti gəmilərin düşmən tərəfindən kütləvi qırğın silahının tətbiqi zamanı qarşılıqlı fəaliyyət taktikasını sınaqdan keçirəcəklərini bildirir.

Təlimlərin ssenarisinə görə, gəmilər dənizin kütləvi qırğın silahının tətbiqi nəticəsində çirklənmiş sahəsini maksimal sürətlə keçməlidir. Bu zaman gəmilərin heyəti düşmənin radiasion, kimyəvi və bioloji hücumlarından müdafiə də olunmalıdır.

Təlimlərin gedişində dənizçilər hərəkət halında təchizat gəmilərindən yanacaq və yüklərin götürülməsini də sınaqdan keçirəcəklər. Habelə gəmilərin qarşısında Rusiyanın Xəzər dənizi rayonunda iqtisadi fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə dair digər vəzifələr də qoyulub.

Hərbi təlimlərin gedişində gəmilər Xəzər dənizində 2 min mil məsafə qət edəcəklər.

Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Dağıstan” raket gəmisi bu təlimlərdə iştirak etmir. Ancaq gəmi gələn il Azərbaycan və Qazaxıstan hərbçilərinin də iştirakı ilə keçiriləcək “Qafqaz-2016” təlimlərində iştirak edəcək. Təlim çərçivəsində “Dağıstan” Bakıya da yan alacaq.

Xatırladaq ki, Rusiya Xəzər donanmasından Suriya əməliyyatlarında iştirak edir. Donanmanın gəmilərindən iki dəfə Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbələr endirilib.

Lakin indi Rusiyanın Xəzər donanmasının gəmilərinin şərti düşmənin kütləvi qırğın silahı tətbiqinə qarşı təlimlərə çıxarılması bir qədər anlaşılmaz görünür. Çünki Xəzər dənizində kütləvi qırğın silahı tətbiq edə biləcək şərti düşməni təsəvvür etmək çətindir.
Diaspora