"Rusiya-Ukrayna müharibəsi yeni bir reallıq yaradıb, çünki Rusiya BMT Təhlükəsizlik Şurasının üzvüdür".
Qaziler.az APA-ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
Şarl Mişel deyib ki, Yaxın Şərqdə, Qəzza və Fələstində baş verənlər də göz önündədir: “Sudan və digər Afrika ölkələrindəki vəziyyəti də unutmamalıyıq. Bu bölgələrdə baş verən faciələr insanların əzabını artırır və diqqət tələb edir”.
Avropa İttifaqı Şurasının sabiq Prezidenti qeyd edib ki, Avropada Amerikanın siyasətinə və yeni normalarına münasibət də diqqət çəkir: “Risk götürməli, qiymətləndirmə aparmalı və nəticələrini nəzərə almalıyıq. Gələcəkdə ABŞ və Avropa İttifaqı arasında, eləcə də Avropa və dünyanın qalan hissəsi ilə əlaqələrdə bir sıra nümunələri paylaşmaq mümkündür. Bütün bunlar göstərir ki, əməkdaşlığın məqsədi yalnız mövcud hüquqi çərçivə və dəyərlərlə uyğunlaşmaq deyil, həm də inteqrasiya formalarını inkişaf etdirməkdir. Avropa Ittifaqının əsas xüsusiyyəti budur ki, gələcəkdə daha suveren bir qurum ola bilər. Daha çox suverenlik və iradə, taleyimizə daha çox təsir edəcək. Bu şəraitdə iqtisadi və texnoloji bazamızı gücləndirmək vacibdir. Çox vaxt mövcud olmayan şeyləri tənzimləməyə çalışmaq çətinlik yaradır və sahibkarların inkişafını əngəlləyir. Hərbi və müdafiə sahəsində də addımlar atılmalıdır. Gənclərin potensialını inkişaf etdirmək və coğrafi baxımdan böyüməni təmin etmək zəruridir. Bu çətin ola bilər, amma ciddi addımlar gələcək üçün vacibdir.
Nəticədə, dünya digər dəyərləri və prinsipləri nəzərə almalı, eyni zamanda bizim maraqlarımızı da qorumaq üçün hərəkət etməlidir. Bütün ölkələrin liderləri və oyunçuları ilə təcrübəmdən bilirəm ki, Avropa İttifaqı çox vaxt yaxşı niyyətlə yanaşılsa da, bəzən yalnız mühazirə oxuyan bir qurum təəssüratı yaradır”.