Monteneqronun paytaxtı Podqoritsada və ikinci böyük şəhəri Nikşiçdə hökumətə qarşı çıxan qruplaşmalar bu ölkənin NATO-ya üzvlüyü əleyhinə nümayişlər keçiriblər. Minlərlə insanın toplaşdığı etiraz aksiyası zamanı “Bizim gələcəyimiz, bizim hüququmuz” şüarları səsləndirilib. Nümayişçilər Monteneqro hökumətinin bu ölkənin NATO-ya üzv qəbul olunması ilə bağlı təklifini geri çəkməsini tələb edirlər.
Son bir neçə həftədə Monteneqroda hökumət əleyhinə nümayişlərin sayı artıb. Baş nazir Milo Cukanoviç bu cür aksiyalarla etirazçıların Monteneqronu qeyri-sabit ölkə kimi göstərməyə və NATO-ya üzv qəbul olunmasına əngəl törətməyə çalışdığını deyib.Xatırladaq ki, Monteneqronun NATO-ya üzv qəbul olunması ilə bağlı danışıqlar 2010-cu ildən başlayıb.