“Rusiyanın Ukraynanın şərqində yaratdığı münaqişə müvəqqəti hal deyil, qlobal xarakter daşıyır”. “Ukrinform”un verdiyi məlumata görə, bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Filipp Bridlav ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələrdən sonra bildirib.
F. Bridlav deyib ki, ötən illə müqayisədə Avropa tamamilə fərqli və daha mürəkkəb təhlükəsizlik problemi ilə üzləşib. Onun fikrincə, bu, regional deyil, müvəqqəti xarakter daşımayan dayanıqlı qlobal təhdiddir.General bəyan edib ki, Rusiya ağır artilleriyasının və hərbi texnikasının Ukrayna sərhədini keçməsinə dair əsaslı sübutlar var. O, Rusiyanın tanklar, zirehli maşınlar və digər hərbi texnika növləri də daxil olmaqla, ümumilikdə 1000 (min) ədəddən çox hərbi texnikanı Ukraynaya yeritdiyini açıqlayıb: “Bu qüvvələr cəbhədə Ukrayna ordusuna qarşı istifadə edilir. Bizim münaqişə zonasında gördüklərimiz Rusiyanın revanşizmidir və o, beynəlxalq qayda və normalara uyğun davranmır. Onun fəaliyyəti qonşu ölkələrdə destabilizasiya yaradır və əvvəl dediyim kimi, qlobal təsirə malikdir”.