Çikaqo Universitetində məşğələlər dayandırılıb

Çikaqo Universitetində məşğələlər dayandırılıb backend

Noyabrın 30-da ABŞ-da ən nüfuzlu ali təhsil ocağı olan Çikaqo Universitetinin rəhbərliyi kampus ərazisində atışma təhlükəsi barədə Federal Təhqiqatlar Bürosundan (FTB) alınan xəbərdarlığa əsasən bütün məşğələləri dayandırıb.


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, universitet rəhbərliyinin bu barədə qərarı təhsil müəssisəsinin rəsmi səhifəsində yerləşdirilib.

“Naməlum şəxsin sosial şəbəkədə yerləşdirdiyi təhdidlə əlaqədar universitetə FTB tərəfindən xəbərdarlıq edilib. Bunu və ölkənin digər şəhərlərində baş verən faciəli hadisələri nəzərə alan rəhbərlik ehtiyatlı davranmağa, noyabrın 30-da universitet ərazisində bütün məşğələləri və digər fəaliyyətləri dayandırmağa qərar verib”, - məlumatda belə deyilir.

Bütün tələbələrə, həmçinin yataqxana ərazisinə yaxınlaşmamaq və otaqlardan çıxmamaq tövsiyə olunub, universitetə və onun ətrafına polis patrulları yerləşdirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama 1992-2004-cü illərdə Çikaqo Universitetinin Hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs deyib. 2014-cu ildə bu ali məktəb dünya universitetlərinin akademik reytinqində 9-cu mövqedə qərarlaşıb. Ümumilikdə təhsil müəssisəsində 15 minədək tələbə təhsil alır.
Diaspora