Cənubi Koreyaya məxsus Boinq 747 sərnişin təyyarəsi 1983-cü ilin 31 avqustunda Nyu York-AnkoriK-Seul reysini həyata keçirmək üçün Con Kennedi beynəlxalq hava limanından problemsiz şəkildə havaya qalxır.
Axar.az tarixi qaynaqlara istinadən xəbər verir ki, Seula qədər hava yolunu Sakit okeanın neytral zonasından keçməli olan təyyarə qəfildən müəyyənləşdirilmiş kursdan sağ tərəfə hərəkət edir.ABŞ həmin dövrdə SSRİ-nin apardığı gizli raket sınaqlarını yaxından izləyirdi və nəticədə Sovet hava məkanını müntəzəm şəkildə pozurdu. Avqustun 31-də Sovet hökuməti sözügedən bölgəyə növbəti ABŞ kəşfiyyat təyyarəsinin gələcəyi barədə məlumat əldə edir.
1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanır. Radar ekranlarında ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt əslində Boinq-747 markalı Nyu York-Ankorik-Seul reysi üzrə uçan adi sərnişin təyyarəsi olur.
Dərhal havaya qalxan Su-15 qırıcısının pilotu təyyarənin mülki rənglərlə boyandığını və quyruq hissəsindəki işıqlandırmaları görür. Amma bunların beynəlxalq hava məkanına çıxmaq üçün vaxt qazanma kamuflyajı olduğundan şübhələnir. Boinq-747 vurulandan qısa müddət öncə Tokiodakı qüllədən aldığı təlimat ilə yanacaq qənaəti üçün yüksəlməyə başlayır. Sovet pilotu bu vaxt təyyarənin qaçdığını düşünür. Təyyarə yüksəlir və beynəlxalq hava məkanına daxil olmağına az qalır. Elə bu an Su-15-in pilotuna “vur” əmri gəlir və Boinq məhv edilir.
Təyyarədə ABŞ Konqresmeni Larri Makdonald da daxil olmaqla, 269 nəfər həlak olur.
Növbəti gün dünya ictimaiyyəti ayağa qalxır, etiraz dalğaları Yer üzünü bürüyür. ABŞ Prezidenti Ronald Reyqan SSRİ-ni “şər imperiyası” adlandıraraq konqres qarşısında hərbi xərclərin artırılması tələbini qoyur və buna nail olur.
Ölənlərin bədən hissələri qəzadan 8 gün sonra təyyarənin vurulduğu yerdən 48 km aralıda, Yaponiyanın Hokkaydo adası sahillərində tapılır. Sovet hökuməti ölənlərin ailələrinə təzminat ödəməkdən imtina edir.
Bu hadisə kəşfiyyat tarixində “007 nömrəli reys” adını daşıyır.
Xatırladaq ki, Türkiyə XİN rəhbəri Çavuşoğlunun rusiyalı həmkarı Lavrovla telefon danışığında Su-24 qalmaqalını müzakirə edərkən bu hadisəyə işarə ilə "1983-də Kamçatkada sərnişin təyyarəsini niyə vurmuşdunuz" deyə xatırlatma verdiyi barədə media məlumat yayıb.