ABŞ prezidenti Barak Obama BMT-nin iqlim dəyişikliyi sammiti üçün Parisə gələndən sonra noyabrın 13-də hücuma uğramış "Bataklan" teatrına baş çəkib. B.Obamanın korteji Orli hava limanından birbaşa "Bataklan" teatrının ərazisinə gedib.
Fransa prezidenti Fransua Olland və Paris meri Anne Hidalgonun müşayiəti ilə teatra gedən ABŞ prezidenti 90 nəfərin öldürüldüyü məkana bir ağ qızıl gül qoyub. Daha sonra o, başını aşağı əyərək sükut içində dayanıb.Səfər üçün təhlükəsizlik gücləndirilib, ərazi üzərində vertolyotlar uçub, yollar bağlanıb.
Bazar ertəsi fəaliyyətə başlayan sammitdə təxminən 150 dünya lideri iştirak edəcək.
Özünü "İslam Dövləti" adlandıran qruplaşmanın məsuliyyətini üzərinə götürdüyü 13 noyabr hücumlarında 130 nəfər həyatını itirib, 360 nəfər xəsarət alıb.
Silahlı şəxslər şəhərin 7 müxtəlif hissəsində atəş açıb və bomba partladıb. Fransada hücumlardan sonra hələ də fövqəladə vəziyyətdir.