Nepalın keçmiş baş hakimi müvəqqəti hökumətin başçısı təyin edilib

Nepalın keçmiş baş hakimi müvəqqəti hökumətin başçısı təyin edilib backend

Nepal Ali Məhkəməsinin keçmiş rəhbəri Suşila Karki ölkənin müvəqqəti hökumətinin başçısı təyin edilib.

"Report" xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.

73 yaşlı Karki növbəti seçkilərə qədər hökumətə başçılıq edəcək. O özü bildirib ki, yeni seçkilər ən geci bir ildən sonra keçiriləcək.

Karki Nepal hökumətinə rəhbərlik edən ilk qadın olacaq.

O, 2016-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik edib, bundan əvvəl isə vəkil işləyib. Karki korrupsiyaya qarşı fəal mübarizəsi ilə tanınır.

Keçmiş hökumət başçısı Khadqa Prasad Şarma Oli genişmiqyaslı etirazlar fonunda istefa verib.

Nepalda etirazlar hökumətin bütün sosial şəbəkələri bloklamaq qərarına görə başlayıb. Etirazçılar hökuməti iqtisadi problemlərə və korrupsiyaya görə də tənqid ediblər. Sentyabrın 9-da sosial şəbəkələrdən istifadəyə qoyulan qadağa aradan qaldırılsa da, etirazlar dayanmayıb. "Z nəsli" nümayəndələrinin sentyabrın 8-9-da keçirilən etirazları zamanı 30-dan çox insan ölüb, mindən çox adam isə yaralanıb.