Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 23-ci ildönümü anılıb. Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə Sidneyin mərkəzində imzatoplama və məlumatlandırma aksiyası təşkil olunub.
6 saat davam edən aksiyada Xocalı faciəsinin soyqırımı kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq icma petisiyası üçün imzalar toplanıb və xüsusi stendlərdə faciənin necə qəddarlıqla törədilməsini əks etdirən fotoşəkillər nümayiş olunub, broşürlar və bukletlər paylanıb.Petisiyada eyni zamanda müvafiq parlamentlərdən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyin ifadə olunmasına və Ermənistanın işğalçı siyasətinin pislənməsinə çağırış yer alıb.
Tədbirdə Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk icmalarının üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov Avstraliyada Azərbaycan səfirliyinin açılmasından sonra bu ölkədə diaspor fəaliyyətinin daha da gücləndiyini qeyd edib. Onun sözlərinə görə, məlumatlandırıcı aksiyaların mütəmadi keçirilməsi, federal və ştat parlamentlərinə müraciətlərin edilməsi erməni diasporunun yalanlarını ifşa etməklə, əsl həqiqətləri, işğal faktını və insanlığa qarşı törədilmiş cinayətləri ictimaiyyətə çatdırır.
Həmçinin 27 fevral tarixində ölkədəki ən böyük məscid olan Gelibolu Camisində cümə namazından öncə soyqırımı barədə ətraflı məlumat veriləcək, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub dualar ediləcək.
Eyni zamanda, Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın Səsi” (Voice of Azerbaijan) radiosu son buraxılışlarını Xocalı soyqırımına həsr edib. Radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda söhbət aparılıb.