HƏMAS İsrail qoşunlarının razılaşdırılmış nöqtələrə çıxarılması müqabilində Qəzza zolağındakı döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hərəkatın Qahirədəki nümayəndə heyəti Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı tələblərini Misirdəki vasitəçilərə çatdırıb.
"HƏMAS İsrailin razılaşdırılmış nöqtələrə çəkilməsi müqabilində öz döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib və girovların həyatını qorumaq öhdəliyini vurğulayıb", - telekanalın məlumatında deyilir.
Məlumatda həmçinin bildirilib ki, hərəkat İsrailin Qəzzanı nəzarətə götürmək planlarına son qoyacağına və hərbi əməliyyatların bərpa olunmayacağına dair beynəlxalq təminatları ehtiva edən yazılı razılaşma tələb edib.