Pakistanın “Bəlucistan Azadlıq Ordusu” (BLA) qruplaşması ABŞ-nin xarici terror təşkilatı siyahısına əlavə olunub.
APA xəbər verir ki, bu haqda ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
“Bu gün ABŞ Dövlət Departamenti “Bəlucistan Azadlıq Ordusu”na və onun “Məcid Briqadası” kimi tanınan bölməsinə xarici terrorçu təşkilat (FTO) statusu verdi. Həmçinin “Məcid Briqadası”nı əvvəllər BLA-ya verilmiş xüsusi əhəmiyyətli qlobal terrorçu (SDGT) statusuna alternativ ad kimi əlavə etdi”, – Rubio bəyanatda bildirib.
Bəyanatda həmçinin deyilir ki, BLA 2019-cu ildə çoxsaylı terror hücumlarına görə ABŞ tərəfindən xüsusi əhəmiyyətli qlobal terrorçu kimi tanınıb.
Qeyd edək ki, hüquqi baxımdan, FTO statusu SDGT-dən daha sərt hüquqi nəticələrə malikdir.
“Bəlucistan Azadlıq Ordusu” eyni adlı cənub-qərb əyalətinin müstəqilliyinə nail olmaq üçün Pakistan hökumətinə qarşı silahlı müqavimət göstərən etno-millətçi silahlı qruplaşmadır.