ABŞ generalı: “Sərhədsiz həkimlər”in Əfqanıstandakı hospitalı səhvən bombalanıb

ABŞ generalı: “Sərhədsiz həkimlər”in Əfqanıstandakı hospitalı səhvən bombalanıb backend

ABŞ-da aparılan təhqiqat nəticəsində oktyabr ayında “Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstandakı hospitalının bombardman edilməsi faciəvi səhv kimi qiymətləndirilib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, insan faktoru nəticəsində baş verən hadisədə 20 nəfər həlak olub, 40 nəfər yaralanıb.

“Bu, faciəvi səhv nəticəsində baş verib. Amerika hərbçiləri heç vaxt hospitala və digər mühafizə obyektlərinə bilərəkdən zərbə endirməzdilər. Mən rəsmən bəyan edirəm ki, hadisəyə görə məsuliyyət daşıyan şəxslərin hamısı inzibati və intizam cəzalarını gözləmək üçün vəzifələrindən kənarlaşdırılıb”, - deyə Əfqanıstandakı ABŞ qoşunlarının komandanı general Con Kempbell bildirib.

“Sərhədsiz həkimlər” təşkilatı isə öz növbəsində təqdim olunmuş nəticələrlə razı deyil və müstəqil təhqiqatın keçirilməsində israr edir.

Xatırladaq ki, oktyabrın 3-də ABŞ hərbi qüvvələri “Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstanın Qunduz şəhərində yerləşən hospitalını atəşə tutmuşdu. Hadisə zamanı hospitalda 80-dən çox həkim və 100 xəstə olub.
Diaspora