Kamboca və Tailandın yüksək rütbəli hərbi rəsmiləri Malayziyanın paytaxtında keçirilən görüşdə döyüş əməliyyatlarının tamamilə dayandırılmasının şərtlərini razılaşdırıblar.
“Report” Tailand mediasına istinadən xəbər verir ki, tərəflər atəşkəs haqqında 13 bənddən ibarət sazişi razılaşdırıblar, hər iki ölkənin nümayəndələri sərhəddə gərginliyinin aradan qaldırılması və sülhün bərpasına yönəlmiş protokol imzalayıblar.
Bir saatdan bir qədər çox davam edən yüksək səviyyəli görüşün nəticəsi olaraq, gərginliyin azaldılması və gələcəkdə münaqişənin qarşısının alınması üçün ümumi səyləri əks etdirən Anlaşma Memorandumu imzalanıb.
"Məqsəd hər iki ölkənin xalqları arasında sülhü və dinc yanaşı yaşamanı təmin etməkdir. Tailand səmərəli dialoq üçün ikitərəfli mexanizmlərin istifadəsini dəstəkləməyə davam edir", - Tailand hökumətinin nümayəndəsi bildirib.