İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin dəstəyi ilə Qəzza zolağının tam işğalı ilə bağlı qərar qəbul edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə mənbələrə istinadən “N12” məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahunun ofisində yüksək rütbəli məmurlar bildiriblər ki, qərar verilib: İsrail Qəzza zolağını işğal edəcək”, - məlumatda qeyd edilib.
Mənbənin sözlərinə görə, hərbi əməliyyatlar Fələstinin radikal HƏMAS hərəkatının israilliləri girov saxladığı ərazilərdə həyata keçiriləcək.
Hazırda İsrail Müdafiə Qüvvələri (SAXAL) ərazinin təxminən 75%-nə nəzarət edir. Yeni plan çərçivəsində İsrail silahlı qüvvələri qalan bütün zonaları öz nəzarətlərinə keçirəcək.
Eyni zamanda bir çox hərbçilərin və deputatların bu qərarla razılaşmadığı bildirilir. Knessetin deputatı Gilad Kariv bildirib ki, Qəzza zolağının tam işğalı ordakı girovlar üçün ölüm hökmü, təhlükəsizlik, humanitar və diplomatik fəlakətdir.
QAZİLER.AZ