Bu gün Rusiyanın Krasnoyarsk əyalətində bir günlük matəm elan olunub. ANS PRESS-in məlumatına görə, bu barədə əyalətin valisi Viktor Tolokonskiy elan verib. Buna səbəb səhər radələrində Krasnoyarsk əyalətinin Turuxanski rayonunda Mİ-8 helikopterinin qəzaya uğramasıdır. Helikopter Yenisey çayının donmuş səthinə düşüb.
Səhiyyə Nazirliyinin nümayəndəsi Zoya Maslennikova bildirib ki, son dəqiqəyə olan məlumata görə, qəza nəticəsində 2 nəfər yerindəcə keçinib, 23 nəfər xəstəxanaya aparılsa da, burada daha 13 nəfəri dünyasını dəyişib, 10 nəfər isə reanimasiya şöbəsindədir.Ümumilikdə helikopterdə 25 nəfər olub. Onlardan 22-si sərnişin, qalanı isə ekipaj üzvləri olub. Qəza yerinə dərhal axtarış-xilasetmə qrupu göndərilib. Rusiyanın FHN-nin məlumatına əsasən, Xidmətin əməkdaşları İqarkadan neftçıxarılan stansiyaya uçurdu.
Helikopterin hələ ki, dəqiq hansı səbəbdən qəza törətməsi bəlli olmasa da, insidentin texniki səbəbdən baş verdiyi versiyası var. Təcili Xidmət orqanlarından bildirilir ki, helikopter səmaya qalxandan az sonra onunla əlaqə itib. Ekipaj üzvləri helikopteri endirmək istəsələr də, bu alınmayıb və o, yerə çırpılıb.
Mi-8 helikopteri "Turuxan" aviaşirkətinə aiddir.