“Ghost Security Group”un haker-aktivistləri pul köçürmələri üçün “bitcoin” virtual valyutasından istifadə edən İŞİD terrorçularına aid məlumatları aşkarlayıb. İKT.lent.az-ın “Fox News”a istinadən verdiyi məlumata görə, hakerlər bir neçə hesabı aşkara çıxarmağa müvəffəq olublar. Həmin hesablardan birində 3 milyon dollar olduğu bildirilir. “Kronos Advisory” şirkətinin rəhbərlərindən olan Mayk Smit haker-fəalların onunla əlaqə yaradaraq bu informasiyaları çatdırdıqlarını bildirib. Hakerlər terrorçuluqla mübarizəyə öz töhfələrini vermək istədiklərini söyləyiblər.
Aktivistlərdən biri virtual valyutanın İŞİD-in gəlirlərinin 1-3%-ni təşkil etdiyini deyib. “Bitcoin”ların təhlükəli tərəfi odur ki, bu sistemlə köçürmələrə heç kim tərəfindən nəzarət olunmur.Xatırladaq ki, “Anonymous” haker qrupu internetdə terrorçularla mübarizə üçün bir neçə təlimat açıqlayıb.