Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2025-ci ilin iyul ayında imzalanmış Bujival razılaşmasına dair rəsmi mövqeyini bildirib.
"Report"un məlumatına görə, FİD bu razılaşmanın Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və səmərəli həyata keçirilməsi, eləcə də beynəlxalq hüququn məcburilik (imperativ) prinsiplərinin tam etibarlılığının təmin olunması məsələlərində dərin narahatlıqlarını ifadə edib.
Bujival razılaşması 2025-ci ilin 12 iyul tarixində Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanaki (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanmış razılaşmadır. Bu sənəd Yeni Kaledoniyanın statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edir və ərazinin Fransanın tərkibində qalması şərti ilə "Yeni Kaledoniya dövləti" kimi xüsusi statuslu muxtar qurum kimi tanınmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, kanaki sakinləri həm fransız, həm də yeni yaradılacaq "Kaledoniya vətəndaşlığı"na malik olacaqlar. Bundan əlavə, sənəd dövlətin suverenlik hüququnun mərhələli şəkildə genişləndirilməsi, xüsusilə müdafiə, təhlükəsizlik və digər sahələrdə dövlət səlahiyyətlərinin tam ötürülməsi kimi məsələləri ehtiva edir. Bununla yanaşı, razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi nəzərdə tutulan referendumun müsbət nəticəsi vacib şərtdir.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasından əvvəlki 1988-ci ildə imzalanmış Numea razılaşmasına diqqət çəkərək qeyd edir ki, bu saziş yerli kanak xalqına özünüidarə və siyasi iştiraka dair ilkin hüquqi əsasları yaradaraq, gələcəkdə müstəqillik əldə etmək imkanlarının formalaşmasına zəmin yaratmışdır.
Lakin 2024-cü ilin may ayında Fransanın hüquq mühafizə orqanlarının həyata keçirdiyi zorakılıq aktları nəticəsində azadlıq hüququnu tələb edən kanak xalqı ciddi təzyiqlərə məruz qalmış, bununla yanaşı, 14 mülki şəxs həyatını itirmişdir. Bu faciəli hadisələr və sonrakı siyasi proseslər göstərir ki, mövcud vəziyyət nə dayanıqlı sülhün təmin olunmasına, nə də Kanak xalqının öz suverenliyinin tam şəkildə tanınmasına gətirib çıxarmamışdır. Beləliklə, dekolonizasiya prosesi hələ də yekunlaşmamış və tam reallaşmamışdır.
FİD xüsusi olaraq Bujival razılaşmasında əks olunan “paylaşılmış suverenlik” nəzəriyyəsinin, habelə “ikili vətəndaşlıq” anlayışının kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etmək baxımından yetərli olmadığını bir daha vurğulayır. Kanak xalqının ayrılmaz və suveren hüququ hesab edilən öz müqəddəratını təyinetmə hüququnun həm Fransanın öz Konstitusiyasında, həm də beynəlxalq hüququn fundamental sənədi sayılan BMT-nin 1514 (XV) saylı qətnaməsində tam şəkildə hüquqi təminat verildiyini diqqətə çatdırır.
“Əgər razılaşmada dekolonizasiya və azadlığa aparan yolda yeni mərhələ ifadəsi istifadə edilirsə, bu mərhələdə müstəqilliyə tam nail olmaq məqsədilə asılılıq münasibətlərinin qorunub saxlanılması, yalnız institusional tənzimləmələrlə məhdudlaşması qəbuledilməzdir və beynəlxalq hüququn öz müqəddəratını təyinetmə prinsipinlərində zəruri və fundamental xarakter daşıyır. Müdafiə, pul vahidi, təhlükəsizlik, ictimai asayiş, ədliyyə, qanunvericiliyin icrası və büdcə nəzarəti kimi dövlət səlahiyyətlərinin Yeni Kaledoniyaya ötürülməsi yalnız Yeni Kaledoniya konqresində üçdə iki və ya beşdə üç səs çoxluğu ilə qəbul edilmiş qətnamə ilə və yerli əhalinin iştirakı ilə aparılacaq məsləhətləşmələrin yekunlaşmasından sonra mümkün olacaq”, - sənəddə qeyd edilir.
FİD bəyan edir ki, Yeni Kaledoniya müdafiə, təhlükəsizlik və maliyyə siyasəti sahələrində Fransa ilə sıx əməkdaşlıq şəraitində “yaxından iştirak” etsə də, əsas səlahiyyətlərin hələ də Fransa Respublikasının icra orqanları tərəfindən həyata keçirilməsi davam edir. Bu cür intensiv “yaxından iştirak” forması nə qədər sıx əməkdaşlığa əsaslansa da, tam dövlət suverenliyini əvəz etmir. Yeni Kaledoniyanın Fransa Respublikasının milli bütövlüyü çərçivəsində tanınması məhdud muxtariyyət formasında deyil, öz müqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlət kimi müstəqillik perspektivləri əsasında həyata keçirilməlidir.
FİD qəti şəkildə qeyd edir ki, Yeni Kaledoniyanın statusu Fransa Respublikası daxilində məhdud muxtariyyət çərçivəsində deyil, öz müqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlət statusunda müəyyən edilməlidir. Kanak xalqının öz müqəddəratını maneəsiz şəkildə, tam şəffaflıq və dürüstlük prinsiplərinə uyğun olaraq həyata keçirməsi beynəlxalq hüququn fundamental normalarından biridir.
Yekun olaraq, Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransanı beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə öz müqəddəratını təyinetmə və müstəmləkəçilikdən azad olma hüquqlarına ciddi şəkildə riayət etməyə çağırır. Sənəddə bir daha qeyd edilir ki, dekolonizasiya prosesinin qətiyyətlə irəli aparılması zəruridir və bu mərhələdə Kanak xalqının Fransa ilə mövcud siyasi münasibətlərindən asılı olmayaraq beynəlxalq ictimaiyyət tərəfindən tam suveren xalq kimi tanınması təmin edilməlidir.
Qeyd edək ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2024-cü ilin 17-18 iyul tarixlərində Bakı şəhərində, Bakı Təşəbbüsü Qrupunun dəstəyi və Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) təşkilatçılığı ilə təsis edilmişdir. FİD-in yaradılmasına Fransanın və Niderlandın müstəmləkə siyasətindən əziyyət çəkən regionlardan olan 17-dən artıq siyasi partiya və müstəqillik hərəkatının nümayəndələrinin iştirakı ilə yaradılmışdır.
Bu beynəlxalq qurumun əsas məqsədi müstəmləkəçilik siyasətinə qarşı mübarizəni gücləndirmək, müstəmləkə olunmuş xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq aləmdə tanınması və həyata keçirilməsi istiqamətində müxtəlif ölkə və təşkilatlar arasında birgə əməkdaşlığı inkişaf etdirməkdir.