Roma Papası XIV Leo Fələstin lideri Mahmud Abbasla telefon danışığında İsrailin Qəzza zolağında Müqəddəs Ailə Katolik Kilsəsinə hücumuna görə dərindən kədərləndiyini bildirib və dərhal atəşkəsə çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Vatikanın kommunikesinə istinadən məlumat yayıb.
Söhbət zamanı pontifik yenidən mülki şəxsləri və müqəddəs yerləri qorumaq vəzifəsini vurğulayaraq, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə çağırıb və heç bir fərq qoymadan gücdən istifadənin və əhalinin məcburi köçürülməsinin qadağan edilməsini vurğulayıb.
XIV Leo həmçinin münaqişənin nəticələrindən ən çox zərər çəkənlərə yardım edilməsinin və humanitar yardım çatdırılmasının təmin edilməsinin aktuallığını qeyd edib.
Nəşr qeyd edir ki, bu söhbət iyulun 17-də İsrailin Qəzza zolağındakı yeganə katolik kilsəsinə basqın etməsi nəticəsində üç nəfərin ölümündən sonra baş verib.
“Le Figaro” xatırladıb ki, Müqəddəs Taxt-Tac Yaxın Şərq münaqişəsinin ikidövlətli həllini rəsmi olaraq dəstəkləyir və diplomatik əlaqələr saxladığı Fələstin dövlətini 2013-cü ildən tanıyır.