İqlim dəyişiklikləri sərhəd tanımır. İqlim dəyişiklikləri dünyanın istənilən nöqtəsində insanların həyatı və yaşayış məntəqələri üçün təhlükə mənbəyidir. Bu, bütün ölkələrin iqtisadi sabitliyinə və təhlükəsizliyinə təhlükə törədir. AZƏRTAC rg.ru saytına istinadla xəbər verir ki, bu sözləri BMT-nin iqlim dəyişmələrinə dair noyabrın 30-da Parisdə keçiriləcək konfransı ərəfəsində qurumun baş katibi Pan Gi Mun məqaləsində yazıb.
Paris konfransına böyük ümid bəsləyən BMT-nin baş katibinin fikrincə, dörd əsas element - ardıcıllıq, çeviklik, həmrəylik və etimad qarşıdakı konfransın müvəffəqiyyətinin rəhni ola bilər. “Əgər Parisdə iqlim üzrə mükəmməl saziş qəbul olunarsa, bu, indiki və gələcək nəsillərin həyatını yaxşılaşdıracaq. Saziş insanların sağlamlığını yaxşılaşdırmağa, yeni iş yerləri yaratmağa, ekoloji texnologiyaların tətbiqini stimullaşdırmağa və havanı təmizləməyə, yoxsulluğa son qoymağa imkan verəcək. Bu, davamlı inkişaf sahəsində bütün məqsədlərə nail olmaq prosesini sürətləndirəcək”, - deyə Pan Gi Mun bildirib.