Rusiya Türkiyəyə turpaketlərin satışını qadağan etdi

Rusiya Türkiyəyə turpaketlərin satışını qadağan etdi backend

Rusiyanın Federal Turizm Agentliyi (“Rosturizm”) turizm operatorlarına terror təhdidi ilə əlaqədar Türkiyəyə göndərişlərin satışını qadağan edib. APA TV-nin məlumatına görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.

"Türkiyədə Rusiya vətəndaşlarının müdafiəsi üçün tədbirlərin görülməsini, onların Rusiya tərəfindən himayə edilməsini ciddi şəkildə çətinləşdirən vəziyyət yaranıb", - deyə məlumatda deyilir.

"Rosturizm" qadağa barədə qərarı verərkən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədə terror təhlükəsinin olması ilə bağlı bəyanatına istinad edib.

"Rosturizm" bəyan edib ki, terror təhlükəsi ola-ola Rusiya turistlərinin Türkiyəyə səyahət etməsi Rusiya qanunvericiliyinin pozulmasıdır və günahkar şəxslər hüquqi məsuliyyət daşıyacaqlar.

Rusiyanın Federal Turizm Agentliyi ölkənin turizm operatorlarına Türkiyəyə turların üçüncü ölkələr vasitəsilə satılmasını da qadağan edib.

"Rosturizm" bildirir ki, turistlər əvvəlcədən pul ödəməklə aldıqları turlarla bağlı müqavilələrin ləğvini tələb edə bilərlər. Bu halda, onların ödədiyi vəsait özlərinə qaytarılmalıdır.

Qeyd edək ki, indiyədək Yeni il tətili üçün Rusiyadan Türkiyəyə 5000-ə qədər tur satılıb.

Xatırladaq ki, Rusiyadan Türkiyəyə turların satışına qadağanın qoyulmasına Rusiyaya məxsus Su-24 bombarmançısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması səbəb olub.

Diaspora