Qəzzada atəşkəs danışıqları uzana bilər

Qəzzada atəşkəs danışıqları uzana bilər backend

Qətərdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında aparılan atəşkəs danışıqlarındakı fikir ayrılıqları aradan qaldırıla bilər, lakin razılığa gəlmək üçün bir neçə gündən çox vaxt lazım olacaq.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Reuters” İsrail rəsmilərinə istinadən xəbər verir.

ABŞ, Qətər və Misirdən olan vasitəçilərin Qəzzada döyüşləri dayandırmaq üçün yeni cəhdi bazar günü tərəflərin Dohada dolayı danışıqlara başlaması və İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona getməsi ilə sürət qazanıb.

Bazar ertəsi Netanyahu ABŞ prezidenti Donald Trampla görüşüb, o, bir gün əvvəl atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın bu həftə əldə oluna biləcəyini deyib.

Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlərə bildirib ki, atəşkəs təklifinin hazırlanmasında mühüm rol oynayan Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlara qoşulmaq üçün bu həftə Dohaya gedəcək.

Atəşkəs təklifi girovların mərhələli şəkildə azad edilməsini, İsrail qoşunlarının Qəzzanın bir hissəsindən çıxarılmasını və müharibəni tamamilə dayandırmaq üçün növbəti danışıqları tələb edir.

HƏMAS uzun müddətdir ki, girovlar azad edilməzdən əvvəl müharibənin tamamilə dayandırılmasında təkid edir. İsrail isə öz növbəsində bütün girovlar azad edilənə və HƏMAS ləğv olunana qədər döyüşlərin davam etməsini tələb edib. Qeyd olunur ki, Qəzzada qalan təxminən 50 girovdan ən azı 20-si hələ də sağ ola bilər.

QAZİLER.AZ