ABŞ-dan İrəvana tərs şillə

ABŞ-dan İrəvana tərs şillə backend

Qısa müddət ərzində ABŞ Dövlət Departamenti Ermənistan hökumətindən iki dəfə tələb edib ki, azərbaycanlı girovları azad etsin və onları Bakıya qaytarsın.

Rəsmi İrəvan yaxşı xatırlayır ki, Amerika hansısa banan respublikası deyil və tutulmuş azərbaycanlı girovlar barədə casusluq və terrorizm ittihamı haqqında naşı rejissor işi olan bu tamaşa tam iflasla başa çatdı. Buna baxmayaraq, ermənilər yenə də düşdükləri bu axmaq durumdan xeyirlə çıxmaq istəyirlər.

İrəvanda hakimiyyət dairələrinin göstərişi ilə böyük mətbuat konfransı keçirilib və orada hansısa politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan çıxış edib (yəqin ki, o, institutun təsərrüfat işləri üzrə direktor müavinidir, əgər alim olsa idi siyasətlə deyil, elmlə məşğul olardı).

Beləliklə, özünü politoloq sayan bu təsərrüfat müdiri ABŞ Dövlət Departamentini tənqid etməyə başalayıb. Minasyanın fikrincə, amerikalılar girovlarla bağlı Ermənistan rəhbərliyinə deyil, qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi şəxslərinə müraciət etməli idilər. Halbuki, Minasyan yaxşı başa düşür ki, bu, mümkün deyil, çünki Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti bu qondarma işğal rejimini dövlət kimi tanımır.

Sonra Minasyan bir az da ağını çıxarıb. Politoloqun fikrincə, ABŞ Dövlət Departamentinin təmsilçisi Viktoriya Nuland Bakıda girovların azad edilməsinin vacibliyi barədə bəyanat vermişdi və bunu İrəvanda təkrar etməli olmuşdu. Minasyan bu faktı hansısa mifik diplomatik niyyətlə izah edir. O, həm də erməni "mirzələri"nə təskinlik verir və deyir ki, bu məsələnin dərinləşməsi gözlənilmir.

Təsərrüfat müdiri yəqin ki, bilərəkdən unudub ki, Nulanddan sonra girovların azad edilməsi ilə bağlı eyni tələblə ABŞ Dövlət Departamentinin başqa təmsilçisi Cen Psaki səsləndirib.
Əlbəttə, rəsmi İrəvan Minasyandan fərqli düşünür. Onlar başa düşürlər ki, Amerika ilə zarafat eləmək təhlükəlidir, Ağ Ev tələblərinə edilən hörmətsizlikdən inciyə bilər. Bunu nə Serc Sarkisyana, nə də onun başının dəstəsinə bağışlamazlar. Bu məsələdə ermənilərə heç kim, hətta rusiyalı dostları da yardım edə bilməzlər.

Amma görünür, erməni rəhbərlər bir az xoruzlanmaq istəyirlər ki, özlərini göstərsinlər. Amma artıq göz qabağındadır ki, ermənilər hətta İrəvandakı atom elektrik stansiyasını, demək olar ki, bütün Ermənistanı partlatmaq cəhdində günahlandırdıqları girovları evə buraxacaqlar. Çünki İrəvan ABŞ-ın daha bir tərs şilləsinə dözməyə qadir deyil.
Diaspora