Misirdə parlament seçkiləri başa çatıb

Misirdə parlament seçkiləri başa çatıb backend

Misirdə iki mərhələdə keçirilən parlament seçkiləri başa çatıb və komissiyalar səsləri hesablamağa başlayıblar. Ali Seçki Komissiyasının məlumatına görə, seçicilərin səsvermədə iştirakı orta səviyyədə olub və ikinci turda vətəndaşların fəallığı birinci turdan yüksək olub. Ümumiyyətlə, seçkilər sakit və ciddi insident baş vermədən keçib.

Bülletenlərin ilkin araşdırılmasına əsasən, birinci turda olduğu kimi, prezidenti dəstəkləyən “Misirə sevgi ilə” partiyası böyük fərqlə liderlik edir.

Nümayəndələr Palatasına səsvermənin ikinci, sonuncu mərhələsi Misirin 13 əyalətində, o cümlədən paytaxt Qahirədə keçirilib. Birinci mərhələ isə oktyabrın 18-19-da ölkənin 14 əyalətində olmuşdu. Seçkilərin gedişini 81 yerli və 6 beynəlxalq təşkilat müşahidə edib. 160 mindən çox hərbçi və polis səsvermə prosesinin təhlükəsizliyini təmin edib.

Nümayəndələr palatasına 568 deputat, o cümlədən 448 nəfər birmandatlı dairə, 120 nəfər partiya siyahısı üzrə seçilib. Daha 28 parlamentarini isə dövlət başçısı təyin edəcək.

Ali Seçki Komissiyası ölkənin qanunverici orqanına seçkilərin yekun nəticələrini dekabrın əvvəlində elan etməlidir.

Parlament seçkiləri ölkədə keçid dövrünü və siyasi tənzimlənmə üzrə “yol xəritəsinin” reallaşdırılmasını başa çatdıracaq. “Yol xəritəsi” yeni Konstitusiyanın qəbulunu, prezident və parlament seçkilərinin keçirilməsini nəzərdə tuturdu.
Diaspora