Suriya Türkmən Hərəkatı: “Azərbaycanlı qardaşlar türkmənləri tək qoymasınlar”

Suriya Türkmən Hərəkatı: “Azərbaycanlı qardaşlar türkmənləri tək qoymasınlar” backend

“Rusiya təyyarələri Türkmən dağını aramsız bombalayır. Bombardmanlar dördü gündür davam edir. Türkmən dağında bölgədəki türkmən qrupları ilə digər bəzi müxalif qruplar yerləşib. Ora meşəlik ərazidir, Türkmən dağında 70-ə yaxın türkmən yaşayış bölgəsi var. Digər bölgələrdə olduğu kimi türkmənlər də Əsəd rejiminə qarşı üsyan etmiş qruplar arasındadır”. Bu açıqlamanı APA TV-yə Suriya Türkmən Hərəkatının mətbuat katibi Əli Öztürkmən verib.

“Türkmənlər Hums bölgəsində, xüsusilə orta Suriya bölgəsində böyük ağır itkilər verdi, qətliam oldu. Onlarla türkmən kəndi yandırıldı, boşaldıldı. Bundan başqa Hələb və Raqqanın şimalında, Türkiyə ilə sərhəd bölgədə İŞİD türkmənlərə qarşı güclü hücumlar etdi. Türkmən bölgələri tamamilə itirilib. İndi türkmənlərin yeganə məkanı müxaliflərin əlində olan Türkmən dağıdır. Dağın bir hissəsi digər müxalif qrupların əlindədir, orada həm də dini mövqeləri fərqli olan başqa qruplar da var. Ərazinin böyük bir hissəsi isə Əsədin nəzarətindədir. Yəni türkmən bölgələri tamamilə işğal edilib. Türkmənlər köçə məcbur edilir, öz torpaqlarından çıxarılır. Türkmənlər Türkiyədə və digər sərhəd bölgələrdə qaçqın vəziyyətində yaşayır. İndiyə qədər türkmənlərə lazımi diqqət və kömək göstərilməyib.

Əli Öztürkmən Suriyada türkmənlərin 5 ildir məqsədyönlü şəkildə qətliyama məruz qaldığını deyib:

Suriyada türkmənlərə qarşı böyük bir qətliyam var. Suriyada yaşayan 3,5 milyon türkmən ölkənin ən qədim millətlərindəndir. Türkmənlər Osmanlı və ondan əvvəlki dövrlərdə Suriyaya yerləşmiş türklərin bu günə gəlib çıxmış nümayəndələridir. Türklər Əsəd dövründə ərəb milliyyətçiləri tərəfindən çox böyük təzyiqlərə, qətliyamlara uğradılar. Türkmənlər digər Suriya xalqları kimi Əsəddən haqlarını istəyirlər. Əsəd rejiminin demokratik bir sistemə çevrilməsini istəyirlər. Onlar digər millətlər kimi milli kimliklərini qorumağa çalışırlar. Əsəd tərəfində döyüşən türkmən yoxdur və ola bilməz”.

Əli Öztürkmən türkmənlərə heç kimin yardım etmədiyini deyib: “Türkmənlərə kimsədən kömək gəlmədi. Az kömək oldu və bu yetərli deyil. Sahibsiz qaldılar. Gəlib Türkiyə sərhədinə toplaşdılar. Aylara sərhəddə yaşayan türkmənlər oldu. Kobanidə kürdlərə edilən köməyi türkmənlərə etmədilər. Kobanidən qaçan kürdlər 9 saat içində Türkiyəyə buraxıldı, amma türkmənlər aylarla sərhəddə gözlədilər”.
Suriya Türkmən Hərəkatının təmsilçisi türkmənlərin həmişə türk dünyasının acılarını paylaşdığını deyib: “Biz hər yerdə Türkiyənin acısını paylaşırıq. Qarabağ dərdini paylaşırıq, azərbaycanlı qardaşlar da bizim dərdimizə yanıb, bizə yardım etsinlər, türkmənləri tək qoymasınlar”.



Qeyd edək ki, Rusiya, İran və Suriya birləşmiş qüvvələri ötən həftədən başlayaraq türkmənlərin sıx məskunlaşdığı Türkmən dağında əməliyyata başlayıb. Əməliyyat zamanı çoxlu sayda türkmənin öldürüldüyü bildirilir.
Diaspora