Rusiya hüquq-mühafizə orqanlarının Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 14 nəfər öldürülüb. APA TV-nin rus mətbuatına istinadən xəbərinə görə, öldürülənlər İŞİD terror təşkilatının üzvləridir.
Yerli hüquq-mühafizə orqanları məhv edilən terrorçuların İŞİD nəzdində yaradılmış “Mərkəz qrupu”nun üzvləri olduğunu açıqlayıb. Onların arasında qrupun lideri Yuriy Bitsuyevin olduğu da bildirilir.Noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 11 İŞİD-çini məhv ediblər.
Axşam saatlarında isə təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildəki 3 nəfər onlara atəş açıb. Cavab atəşi ilə onların üçü də öldürülüb.
Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.