Avropadan Ermənistana sanksiya təklifi

Avropadan Ermənistana sanksiya təklifi backend

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın nümayəndə heyətinin səs hüquqları əllərindən alına bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti məlumat yayıb. "Aykakan jamanak" qəzeti yazır ki, Assambleya nümayəndəsi Robert Valterin məruzəsinin 17-ci bəndində AŞPA –da erməni nümayəndə heyəti barəsində sanksiyalar nəzərdə tutulur. AŞPA –nın qış sessiyasında (yanvarda) iki anti-Ermənistan qətnamələri müzakirə olunacaq. Assambleyanın oktyabrın 5-də keçirilən iclasında Ermənistan ordusunun Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırılıb. Qəzetin məlumatına görə, AŞPA-nın sosial məsələlər üzrə komissiyası 23 noyabrda keçiriləcək iclasında həmçinin "Azərbaycanın sərhəd rayonlarında məqsədli şəkildə sudan məhrum edilmə" barədə məruzə müzakirə ediləcək.

Bundan əvvəl də Azərbaycanın Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarı barəsində müzakirələri aparılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilib” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Qəbul edilən sənəddə bildirilir ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün qətnamə layihəsi qəbul etməlidir.

Azərbaycanın əraziləri işğal olunmamışdan əvvəl Sərsəng su anbarından Tərtər, Bərdə, Yevlax, Ağcəbədi, Ağdam və Goranboy rayonlarının əkin sahələrinə su verilib.

Bu gün yuxarıda qeyd olunan 7 rayon Sərsəng su anbarının suyundan demək olar ki, istifadə edə bilmir. Ermənilər bir tərəfdən əraziyə gələn bütün çayları hədsiz dərəcədə çirkləndirir, digər tərəfdən isə imkan düşən kimi Azərbaycan ərazilərini tamamilə sudan məhrum etməkdən belə çəkinmirlər. Hətta bəzi hallarda Ermənistan tərəfi suya partlayıcı maddələr atır. Su anbarı 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub.

Azərbaycanın Xarici İşlər Nazirliyi də dəfələrlə Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini bəyan edib.
Diaspora