Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov ölüm cəzasının bərpası təklifi ilə çıxış edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Mironov qeyd edib ki, bu cəza növü terrorçulara və onların yardımçılarına tətbiq edilməlidir.
S. Mironovun təklifinə Kremldən dərhal reaksiya verilib. Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə ölüm cəzasının bərpasını məqsədəuyğun hesab etmir: "Əgər Rusiya vətəndaşları arasında ölüm cəzasının bərpa olunması ilə bağlı referendum keçirsək, şübhəsiz ki, əhalinin 90 faizi bunun lehinə səs verəcək. Lakin söhbət təkcə bu cəzanın terrorçulara tətbiqindən deyil, ümumilikdə ölüm cəzasından gedir. Hisslərə qapılıb qərar vermək lazım deyil, sağlam məntiqlə və Rusiyanın beynəlxalq öhdəliklərini nəzərə alaraq qərar vermək lazımdır".