Fransa Prezidenti Emmanuel Makron İtaliyanın Baş naziri Corcia Melonini yalan danışmaqda, şəxsi təhqirlərdə və diplomatik uğursuzluqlarda ittiham edib, Almaniya kansleri Fridrix Merts isə münaqişəni yumşaltmağa çalışır.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.
Gərginlik Makronun Melonini Avropa liderlərindən ibarət kiçik qrupun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünə və liderlərlə ABŞ Prezidenti Donald Trampın birgə telefon danışığına qatılmaması barədə “yalan məlumat” yaymaqda ittiham etməsindən sonra artıb.
İtaliyanın Baş naziri Kiyevə qoşun göndərməkdən imtina etdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Trampla əlaqə saxlayan liderlər arasında yer almadığını bildirib. Makron isə öz növbəsində Melonini “yalan məlumat” yaymaqda ittiham edib və əmin edib ki, respublikada silahlı qüvvələrin yerləşdirilməsi müzakirə olunmayıb.
Almaniya kansleri İtaliyanın Baş naziri ilə görüşüb və “vəziyyəti sakitləşdirməyə” çalışıb. Siyasətçilər Ukraynada Avropanın bütün sülh təşəbbüslərində Romanın “müəyyən rol oynaması” ilə razılaşıblar.
Merts həmçinin Meloninin yaxın gələcəkdə sülh yolu ilə həlli ilə bağlı bütün proseslərə daxil olması üçün danışıqlar aparacağına söz verib. O əlavə edib ki, Avropa ölkələri “özlərinin bölünməsinə imkan verməməlidirlər”.