Polşada prezident seçkiləri başlayıb

Polşada prezident seçkiləri başlayıb backend

Polşada prezident seçkiləri başlayıb. Prezident ümumi gizli səsvermə yolu ilə seçilir.

“Report” Polşa Dövlət Seçki Komissiyasının məlumatlarına istinadən xəbər verir ki, seçkilərdə təxminən 30 milyon seçici iştirak etmək hüququna malikdir.

Seçkilərin keçirilməsi üçün xaricdə olanlar da daxil olmaqla 31 mindən çox səsvermə məntəqəsi yaradılıb.

Hazırkı dövlət başçısı Andjey Duda ardıcıl ikinci müddətdə vəzifəsini tutduğu üçün bu seçkilərdə iştirak edə bilməz.

Polşa prezidenti vəzifəsinə 13 namizəd iddia edir: Donald Tuskun hakim “Vətəndaş Koalisiyası”ndan Rafal Tşaskovski, Yaroslav Kaçinskinin müxalif “Hüquq və Ədalət” partiyasından Karol Navrotski, millətçilər və avroskeptiklərin “Konfederasiya” koalisiyasından Slavomir Mentsen, Seym sədri Şimon Holovnya, “Solçular”dan Maqdalena Beyat, “Birgə” hərəkatından Adrian Zandberq, “Polşa tacının konfederasiyası” partiyasından Qjeqoj Braun, “Bitərəf özünüidarəçilər”dən Marek Vox, “Sol demokratlar”dan İoanna Senışin, “Azad respublikaçılar”dan Marek Yakubyak, “Rifah və sülh hərəkatı”ndan Maçey Matsyak, bitərəf Artur Bartoşeviç və bloger Kşiştof Stanovski.

Onlardan üçü – Tşaskovski, Holovnya və Yakubyak 2020-ci il prezident seçkilərində iştirak etmişdilər. İkinci turda Tşaskovski təxminən 1 % fərqlə Dudaya məğlub olmuşdu.

Diaspora