Rusiyanın strateji bombardmançıları dünən gündüz saatlarında Suriyadakı İŞİD hədəflərinə növbəti zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bombardmanda Mozdok hərbi aerodromundan havaya qalxan Tu-22M və Engels hərbi aerodromundan qalxan Tu-160 strateji bombardmançıları iştirak ediblər.
Daha sonra Tu-95M (NATO klassifikasiyasında “Medved”) bombardmançıları Engels hava bazasından qalxaraq Suriyadakı hədəfləri vurub. Mozdok aerodromu Çeçenistanda, Azərbaycan və Gürcüstan sərhədinə yaxın yerləşir. Engels hava bazası isə Xəzər dənizindən şimaldadır.Virtualaz.org saytı xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi “Fox News” telekanalına açıqlamasında Rusiya bombardmançılarının əsasən sutkanın gündüz saatlarında işlədiyini, Birləşmiş Ştatlar və Fransa aviasiyasının isə İŞİD-i gecələr vurduğunu deyib.
“Biz Rusiya bombardmançılarının reydlərini müntəzəm monitorinq edirik. Lakin hələlik uçuşları razılaşdırmağa ehiyac yoxdur. Çünki onlar əsasən gündüzlər işləyirlər, bizim aviasiya isə gecələr uçur”- deyə mənbə bildirib.
Pentaqon rəsmiləri deyiblər ki, Rusiyanın strateji bombardmançıları Suriyadakı hədəflərə raketləri İran səmasından buraxır. Rusiya ilk dəfədir ki, strateji bombardmançılardan real döyüş əməliyyatlarında iştirak edir.
Lakin Pentaqon bildirir ki, Rusiya strateji aviasiyasının İŞİD-ə nə dərəcədə zərbə vurduğunu müəyyən etmək çətindir.
ABŞ hərbi təyyarəçilərinin bildirdiyinə görə, ruslar “ağıllı” bombalardan yox, əsasən adi bombalardan istifadə etdikləri üçün gündüzlər uçur ki, hədəfi vura bilsinlər.
Bəs Mozdokdan qalxan Rusiya strateji bombardmançıları Suriyanı vurmaq üçün hansı marşrutdan istifadə edir? Rus “ayısı” Azərbaycan hava məkanından istifadə edirmi?
Rusiyalı hərbi ekspert Aleksandr Yermakov defendingrussia.ru portalına açıqlamasında deyib ki, bəzi mənbələr təyyarələrin Azərbaycan üzərindən uçduqlarına dair infoqrafikalar yayıblar.
“Lakin bu, şübhəli görünür. Çünki Azərbaycan üzərindən uçuşlar zamanı təyyarələrin Suriyaya və geriyə uçuş məsafəsi 3 min kilometr artardı. Ona görə də uçuşlar yəqin ki, ən çox istifadə edilən marşrut - Xəzər dənizi-İran-İraq-Suriya marşrutu üzrə həyata keçirilib”- ekspert deyib.
Rusiya Müdafiə Nazirliyi təyyarələrin dəqiq uçuş marşrutunu açıqlamayıb, ancaq Mozdokdan qalxan strateji bombardmançıların 4510 kilometr məsafə qət etdiyini bildirib. Uçuş cəmi 5 saat 20 dəqiqə çəkib.
Xatırladaq ki, bu ilin sentyabrında Rusiya Suriyada yeni yaradılan aviabazaya müxtəlif tipli qırıcıları və bombardmançıları göndərmək üçün Azərbaycanın hava məkanından, eyni zamanda Xəzər dənizinin şimal hissəsindən istifadə etmişdi.