Türkiyənin Antalya bölgəsində keçirilən G20 sammitində iştirak edən Səudiyyə Ərəbistanı kralı qaldığı “Mardan Palace” otelində mağaza sahiblərinin ümidlərini boşa çıxarıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, kral Salman bin Əbdüləziz oteldəki hədiyyə mağazalarını gəzib. Ancaq mağaza sahiblərinin gözlədiyi kimi pulları saga-sola səpələməyib.
Kral oteldəki hədiyyə mağazalarının birində qoyulmuş suvenirlərə tək-tək baxıb, Osmanlı dövrünü xatırladan şüşə əşyanı bəyənib və qulluqçusuna təlimat verib ki, 350 dollar dəyərində olan həmin əşyanı alsın. Bununla da kralın alış-verişi başa çatıb.
“Kralın daha çox alış-veriş edəcəyini gözləyirdik, ancaq olmadı”- deyə mağaza sahibi Murat Ulas məyusluqla bildirib.
Kral Salman “Mardan Palace” otelini kirayələmək üçün günə 1 milyon dollar ödəyib.
Xatırladaq ki, sammit ərəfəsində otel Telman İsmayılovdan müsadirə olunaraq hərracda dəyərindən 12 dəfə ucuz - cəmi 128 milyon dollara “Halk Bank”a satılıb.