İŞİD ABŞ-ı terrorla hədələdi: “Nyu-Yorku da partladacağıq“

İŞİD ABŞ-ı terrorla hədələdi: “Nyu-Yorku da partladacağıq“ backend

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ABŞ-da terror aktları törədəcəyini vəd etdiyi videonu yayandan sonra bu dəfə Nyu-Yorku hədəfə aldığını bildirib. Milli.az CNN-ə istinadən bildirir ki, İŞİD-in yeni yaydığı videoda Nyu-Yorkda "canlı bomba"lar vasitəsilə terror partlayışlarının gerçəkləşdiriləcəyi bəyan olunub.


Videoda əldəqayırma partladıcı qurğu hazırlayan gənc kişi əks olunub. O, kustar üsulla hazırladığı partladıcı qurğunu belindəki "şəhid qurşağı"na qoyur, sonra gödəkçəsi ilə "örtür".

Videoda Nyu-Yorkun Manhetten səmtindəki Tayms-Skver, habelə Fransa prezidenti Fransua Ollandın çıxışındakı "İŞİD-ə müharibə elan edirik" deyilən anlar da göstərilir.

ABŞ-ın Federal Təhqiqat Bürosu videoda konkret hədənin olmadığını bildirib: "Nyu-Yorka ünvanlanmış hədələrin davam etdiyini bilirik. Araşdırma və təhqiqat aparılacaq".

Nyu-York meri Bill de Blazio videoda "təlaş üçün heç bir səbəb görmədiyini" vurğulayıb.

Nyu-York Şəhər Polis İdarəsinin komissarının müavini Stiven Devis isə söyləyib: "Videodakı bəzi kadrlar yeni deyil. Bununla belə, şəhərimizin hələ də terrorçuların hədəfi olaraq qaldığı görünür. Polis yüksək səviyyədə sayıqlığını qoruyur".
Diaspora