Tiflisdə Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarına qarşı etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya keçmiş baş nazir Bidzina İvanişvilinin biznes mərkəzinin yaxınlığında baş tutub. Tədbiri Tiflisdə fəaliyyət göstərən "Platforma-Azadlığı müdafiə et!" təşkilatının üzvləri təşkil edib.
Gürcüstan hakimiyyəti dekabr ayına qədər “Qazprom” şirkəti ilə müqavilə imzalamaq niyyətindədir. Hərçənd ki, Azərbaycan istənilən həcmdə bizi təbii qazla təchiz etməyə hazırdır. Rusiya qazı bahalı və qeyri-sabitdir. Rusiya qazı şantaj alətidir. Azərbaycan qazı isə ucuz və sabitdir. Bu iqtisadi deyil, siyasi qərardı" deyə "Platforma-Azadlığı müdafiə et!" təşkilatının üzvləri bəyan ediblər.Qeyd edək ki, "Qazprom ilə müqavilə imzalanmasının tarixi hələ məlum deyil. Energetika Nazirliyindən bildirilib ki, müqavilənin imzalanması yaxın gələcəkdə həyata keçiriləcək. Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze isə bildirib ki, dekabr ayına qədər “Qazprom” ilə danışıqların başa çatması qüvvədə qalır.