Nikaraquada keçmiş dövlət naziri Antonio Lakayonun da içində olduğu vertolyotun qəzaya uğradığı bildirilir. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, səlahiyyətlilər ölkənin cənubunda meşəlik sahəyə düşən “Bell 206 I-4” tipli vertolyotdakı 3 nəfərin öldüyünü, A.Lakayonun isə itkin düşdüyünü açıqlayıblar. San Karlosda paytaxt Manaquaya gedərkən qəzaya uörayan vertolyotda ölənlərin ikisi ABŞ vətəndaşıdır. A.Lakayonun tapılması üçün isə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qəzaya bölgədə müşahidə olunan qatı dumanın səbəb olduğu təxmin edilir.Hökumət sözçüsü Rosario Murillo qəzadan duyduğu dərin kədəri dilə gətirərək deyib: “A.Lakayo Sandinista inqilabı və Kontra döyüşündən sonra ölkədə sülhün təmin edilməsinə böyük töhfələr vermişdi. Ümid edirəm o sağ-salamat tapılacaq”.