“Ənsar Allah” hərəkatından olan husilər üsyançıların nəzarətində olan Yəmən paytaxtının yerləşdiyi Səna əyaləti üzərində ABŞ-nin “MQ-9 Reaper” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurublar.
"Report" xəbər verir ki, bu barədə husilərin formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalının efirində söyləyib.
“Hava hücumundan müdafiə qüvvələrimiz Səna əyalətinin hava məkanında düşmən tapşırıqları yerinə yetirən ABŞ-nin “MQ-9” pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub. Uçuş aparatı yerli istehsal olan “yer-hava” sinifli raketlə məhv edilib”, – hərəkatın nümayəndəsi deyib.
Sarianın iddiasına görə, bu, son 24 saat ərzində husilər tərəfindən Yəmən hava məkanında məhv edilmiş ikinci “MQ-9 Reaper”dir. Hərəkatın nümayəndəsinin sözlərinə görə, ümumilikdə Yəmən üsyançıları 2023-ci ilin oktyabrında Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri bu tipli 21 Amerika dronunu vurublar.
ABŞ Konqresinin tədqiqat xidmətinin məlumatına görə, hər bir aparatın dəyəri təxminən 30 milyon dollar təşkil edir.