Keçmiş Suriya ordusunun 8-ci briqadasına daxil olan könüllü birləşmələr özlərini buraxdıqlarını və Dəməşqdəki keçid hökumətinin təhlükəsizlik qüvvələrinə tabe olduqlarını elan ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Asharq al-Awsat” qəzeti məlumat yayıb.
“8-ci briqadanın zabit və əsgərləri bütün silahlarını, qərargahlarını və kazarmalarını Suriya iqtidarının sərəncamına verirlər, onlar respublikanın Müdafiə Nazirliyinə tabe olacaqlar”, – nəşr hərbi nümayəndə kapitan Məhəmməd əl-Qaderinin bəyanatından sitat gətirib.
Xatırladaq ki, daha əvvəl təhlükəsizlik qüvvələri Suriyanın cənubunda yerləşən Bosra-əş-Şam şəhərində (Dəməşqdən 110 km məsafədə) nəzarəti ələ keçiriblər, burada bir sıra məhəllələrdə atışmalar baş verib və komendant saatı tətbiq edilib. Yerli aşirətlərin şeyxləri Dəməşqdən kömək istəyib və 2018-ci ildən bəri cənub əyaləti Deraanı əlində saxlayan könüllülərin çıxarılmasını tələb ediblər.
Keçmiş Suriya ordusunun 8-ci briqadası vaxtilə iqtidarla lokal atəşkəs imzalayan müxalif dəstələrin döyüşçülərindən formalaşdırılmışdı. Onların nəzarətində olan rayonlar tamamilə muxtar idi.