Böyük Britaniya 5 il müddətinə Ukrayna ərazisində qoşun yerləşdirmək imkanını nəzərdən keçirir.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
London və Parisdə müzakirə olunan plana əsasən, döyüşlərin bərpasının qarşısını almaq üçün çəkindirici vasitə kimi münaqişə həll edildikdən sonra Qərb qoşunları Ukraynaya göndərilə bilər.
Nəşr qeyd edib ki, Fransa Ukrayna ərazisində Qərbin hərbi kontingentinin olacağı təqdirdə Rusiyanın gələcəkdə hərbi əməliyyata başlamağa risk etməyəcəyinə inanır. Ehtimal olunur ki, Kiyev hərbi imkanları bərpa etdikdən sonra Qərb qoşunlarını mərhələli şəkildə bu ölkədən çıxaracaq.
“The Daily Telegraph” əlavə edib ki, London və Parisin rəhbərlik etdiyi “istəklilər koalisiyası” quru qoşunlarını göndərməklə yanaşı, Ukraynanın hava və dəniz məkanının mühafizəsini təmin etmək niyyətindədir.