Paris yaxınlığındakı qəsəbə mühasirəyə alınıb Fransa polisi Parisin şimalındakı Sent Denis qəsəbəsində anti-terror əməliyyatına başlayıb. Lent.az "Reuters"ə istinadən xəbər verir ki, gecə saatlarında bölgədə komendant saatı elan edilib. Sübh saatlarında başlayan geniş miqyaslı əməliyyat hələ də davam edir.
Bildirilir ki, Fransa hüquq-mühafizə orqanları bir qrup terrorçunun bu qəsəbədə olduğunu müəyyənləşdirib və gecə ilə qəsəbə mühasirəyə alınıb. Terrorçularla polis arasında atışma da baş verib. Bu zaman yerli polislərdən də xəsarət alanların olduğu barədə məlumat var.
Fransa xüsusi-xidmət orqanları Paris qətliamını planlaşdıran terrorçu Adulhəmid Ebayulun da bu qəsəbədə olduğunu güman edir. Hazırda əməliyyat davam edir.
Qeyd edək ki, səsgücləndiricilərlə sakinlərə evlərindən çıxmamaq tapşırılıb, həmçinin, bu gün Sent Denis qəsəbəsində məktəblər və digər idarələr də işləməyəcək.