"Deutsche Bank" analitikləri geosiyasi gərginlik və ticarət sahəsindəki qeyri-müəyyənliklərin təsiri ilə təhlükəsiz sığınacaq aktivlərinə artan tələbat fonunda 2025 və 2026-cı illər üzrə qızılın qiymətinə dair proqnozlarını əhəmiyyətli dərəcədə yüksəldiblər.
Trend-in məlumatına görə, bankın yeni qiymətləndirməsinə əsasən, 2025-ci ildə qızılın bir troya unsiyasının orta qiyməti 3140 dollar, 2026-cı ildə isə 3700 dollar olacaq. Müqayisə üçün, əvvəlki proqnozlar müvafiq olaraq 2725 və 2900 dollar səviyyəsində idi. Həmçinin, 2025-ci ilin sonuna qədər qızılın bir unsiyasının 3350 dollara çatacağı gözlənilir.
"Deutsche Bank"ın bu proqnozu 2026-cı il üçün qızıl qiymətləri baxımından aparıcı beynəlxalq banklar arasında ən nikbin qiymətləndirmə hesab olunur.
Hazırda "Comex" birjasında iyun ayı qızıl fyuçersləri 1,6% artaraq bir unsiya üçün 3022 dollara yüksəlib. Qeyd edək ki, bir gün əvvəl qiymətli metalın dəyəri psixoloji baxımdan önəmli olan 3000 dollar səviyyəsindən aşağı düşmüşdü.
Analitiklərə görə, qızıl bazarını dəstəkləyən əsas amillərdən biri də mərkəzi bankların bu metala artan marağıdır. Deutsche Bank bildirir ki, hazırda mərkəzi banklar ümumi qlobal qızıl tələbinin 24%-ni təşkil edir. Bu göstərici 2022-ci ildə cəmi 10% idi.
Müqayisə üçün qeyd edək ki, ötən həftə "HSBC" analitikləri də 2025-ci il üçün proqnozlarını yüksəldərək qızılın bir unsiyasının 3015 dollara satılacağını bildirmişdilər. Lakin 2026-cı ildə bu qiymətin 2915 dollara qədər enəcəyi proqnozlaşdırılır.