Suriyalı qaçqınların ilk dəstəsi Avstraliyaya çatıb

Suriyalı qaçqınların ilk dəstəsi Avstraliyaya çatıb backend

Suriyalı qaçqınlardan ibarət beş nəfərlik ilk qrup Avstraliyanın Pert şəhərinə çatıb. Bu barədə məlumat verən Avstraliyanın sosial xidmət naziri Kristian Porter bildirib ki, onlar hazırda miqrasiya xidməti əməkdaşlarının etibarlı nəzarəti altındadır.


Ata, ana və üç uşaqdan ibarət ailənin üzvləri Avstraliyada yaşmağa razılıq verən ilk suriyalı qaçqınlardır. Avstraliya hökumətinin elan etdiyi plana müvafiq olaraq, bu ölkəyə ilk növbədə milli və dini mənsubiyyətinə görə təqibə məruz qalan 12 min suriyalı və iraqlı qaçqın qəbul ediləcək.

Hökumətin bu planı Yaxın Şərqdə və Fransada törədilmiş terror aktları fonunda cəmiyyətin artan narahatlığına səbəb olub. Parisdə baş vermiş faciədən sonra Yeni Cənubi Uels ştatının aşağı palatasının spikeri Endrü Freyzer hökumətə müraciət edərək sərhədləri Yaxın Şərqdən gələn qaçqınların üzünə bağlamağa çağırıb.

Bu çağırışı qəbul etməyən Avstraliyanın xarici işlər naziri Culi Bişop noyabrın 17-də bildirib ki, qaçqınlar fərdi qaydada seçiləcək və bu, təhlükəsizlik baxımından çox ciddi şəkildə aparılacaq.
Diaspora