Noyabrın 17-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya və Sakit Okean Ölkələri Xəbər Agentliklərinin (OANA) İcraiyyə Komitəsinin 39-cu iclası işini yekunlaşdırıb.
AZERTAC xəbər verir ki, bağlanış mərasimindən əvvəl Komitənin texniki toplantısında təşkilata sədrlik edən Rusiyanın TASS informasiya agentliyi tərəfindən OANA-nın saytının idarə olunması, tətbiq edilən yeniliklər barədə məlumat verilib. Təşkilatın saytının daha da tanıdılması üçün görülən işlərdən danışan TASS-ın İT direktoru Mixail İvanov OANA xəbərlərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iş aparıldığını və bu məsələdə üzv agentliklərin iştirakının vacib olduğunu qeyd edib. O, TASS, AZERTAC, Montsama və digər agentliklərin OANA-nın Facebook-da tanıdılması və portala mütəmadi informasiya yerləşdirməsində fərqləndiklərini bildirib.İclasın bağlanış mərasimində çıxış edən Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-hvanq müzakirələrin səmərəli keçdiyini vurğulayaraq bu görüşün təşkilatın fəaliyyətinə və agentliklərin əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
TASS agentliyinin baş direktoru, OANA-nın prezidenti Sergey Mixaylov təşkilatın işində üzv agentliklərin fəal iştirakının onların bu istiqamətdə tərəfdaşlığa önəm verdiklərinin göstəricisi olduğunu vurğulayıb. O, informasiya mübadiləsi üçün səmərəli platforma olan OANA-nın daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Bağlanış mərasimində çıxış edən AZERTAC-ın baş direktoru Aslan Aslanov OANA-nın müasir texnologiyaların xəbər agentliklərinin fəaliyyətinə təsiri məsələlərinə diqqət yetirməsinin vacib bir addım olduğunu bildirib. O qeyd edib ki, sosial medianın, mobil texnologiyaların sürətli inkişafı xəbər agentliklərinin yeniliklərə hər an hazır olmağını zəruri edir. “Biz sosial mediadan və mobil texnologiyalardan ən çevik şəkildə istifadə etməliyik ki, xəbərlərin cəmiyyətə vaxtında çatdırılmasına nail olaq. Cəmiyyətin hansı mənbəni seçməsi isə bizim səmərəli fəaliyyətimizdən asılı olacaq. Amma biz dəyişilməz qalan əsas prinsipi daim rəhbər tutmalıyıq – bu, dəqiq və keyfiyyətli xəbərlərin yayılmasıdır”, - deyə A.Aslanov vurğulayıb.
Baş direktor toplantı iştirakçılarını gələn ilin noyabrında Bakıda OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin 5-ci Konqresinə dəvət edərək bu tədbirlərin dəyişən medianın aktual məsələlərini müzakirə etmək üçün yaxşı platforma olacağına əminliyini bildirib.
Sonra OANA-nın Seul Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, OANA-nın üzvləri operativ və dəqiq xəbər çatdıran informasiya agentlikləri kimi etibarlığını qorumaqla əməkdaşlığı davam etdirəcək, işçi və təcrübə mübadiləsini genişləndirəcəklər.