Rusiyanın baş naziri Dmitri Medvedev dövlət orqanlarını yerli proqram təminatından istifadə etməyə məcbur etmək qərarına gəlib. İKT.lent.az-ın “Kommersant” nəşrinə istinadən məlumatına görə, baş nazirin imzaladığı qərarla 2016-cı ilin yanvar ayından etibarən Rusiyanın bütün dövlət orqanları ancaq yerli istehsal olan proqram təminatını almalı olacaqlar.
Onlar xarici istehsal olan proqram təminatını o zaman əldə edə biləcəklər ki, bu proqramın yerli reyestrdə Rusiya istehsalı olan analoqu yoxdur və ya lazımı funksiyalara təchiz edilməyib.Rusiya istehsalı olan proqram təminatı reyestri Rusiya subyektləri olan hökumət və bələdiyyə orqanları, Rusiya kommersiya təşkilatları və kommersiya təşkilatlarına məxsus məhsullardan formalaşdırılacaq.
Belə şirkətlərdə qazancdan xarici şirkətlərə və vətəndaşlara ödənişlərin həcmi 30 faiz çox olmamalıdır. Proqram məhsullarının reyestrə daxil edilməsi ilə bağlı qərarı Rabitə Nazirliyinin Ekspertlər Şurası qəbul edəcək.