Pakistanın “Diplomatic Star” jurnalında “İslamabad Münaqişələrin Həlli İnstitutu” düşüncə mərkəzinin icraçı direktoru, tanınmış siyasi ekspert Sabah Aslamın “Azərbaycanda keçirilmiş parlamet seçkiləri və onun regional əhəmiyyəti” başlıqlı analitik məqaləsi çap edilib. Lent.az-ın məlumatına görə, məqalənin giriş hissəsində xalqın iştirakı ilə formalaşdırılmış hakimiyyətin mahiyyəti izah edilib və maksimum siyasi iştirak və rəngarəngliyin demokratik hakimiyyətdə mövcud olduğu qeyd olunub.
Qeyd olunub ki, cəmi 24 illik müstəqilliyə baxmayaraq, Azərbaycanda xalqın tələbləri əsasında qurulan, cəmiyyətin müxtəlif sinif və qruplarını əhatə edən demokratik idarəçilik bərqərar etmək mümkün olub. Azərbaycan rəhbərliyinin xalqa sadiqliyi və bu yolda qərarlı olması bu ölkənin sürətli inkişafının arxasında duran əsas amildir. Ölkə rəhbərliyi daxili və xarici siyasət xəttini müəyyənləşdirərkən milli maraqları əsas götürməklə vətənpərvərlik nümayiş etdirir ki bu da dövlətin rifahını və tərəqqisini şərtləndirir. Bu uzaqgörən siyasət nəticəsində indi Azərbaycanı regionun sülh adası adlandırmaq mümkündür.Müəllif xatırladır ki, Azərbaycan İslam dünyasında ilk demokratiyanı təsis etmiş ölkə kimi bilinir. 2015-ci il, 1 noyabr parlament seçkilərində də Azərbaycan xalqının rifah, tərəqqi, sülh və sabitliyə dərin inamını daha aydın görmək mümkün olub. Müxtəlif siyasi partiya mənsubu və bitərəf 767 namizəd Milli Məclisin 125 mandatı uğrunda mübarizə aparmış, Yeni Azərbaycan Partiyası bu mandatlardan 70-ni qazanıb. Seçicilərin 55 %-i seçkilərə qatılıb. Gənclərin və qadınların seçkilərdə iştirakı, habelə seçki komissiyalarındakı fəaliyyətləri dövlətin gələcəyi baxımından mühümdür. Bu seçkilərdə yenidən qalib gəlmiş partiya öz bacarığını və ictimai-siyasi uğur və iqtisadi inkişaf baxımından daha kamil şəkildə xalqa xidmət edəcəyini göstərib.
Ekspert seçkiləri 66 min yerli və 40 təşkilatdan 503 beynəlxalq müşahidəçinin izlədiyini diqqətə çatdırıb, 6 nəfər Pakistan senatorundan ibarət nümayəndə heyətinin də seçkiləri müşahidə etdiyini, heyətin rəhbəri Müşahid Hüseynin seçkiləri yüksək səviyyədə təşkil edilmiş, demokratik, şəffaf və heç bir insident olmadan keçirilmiş olaraq xarakterizə etdiyini vurğulayıb.
Müəllif Azərbaycanın müxtəlif inkişaf mərhələlərindən keçdiyini, ölkənin iqtisadi inkişafının hökumətin bacarığını sübut etdiyini, beynəlxalq arenada Azərbaycanın öz mövqeyini gündən-günə möhkəmləndirdiyini ifadə edib.
Ekspert 1 Noyabr parlament seçkilərinin regional əhəmiyyətinə toxunub, iqtidar partiyasının qalib gələrək gücünü artırdığını, bunun önəmli olduğunu, çünki hazırkı Azərbaycan iqtidarının regional əməkdaşlığa, həmçinin Azərbaycan-Pakistan münasibətlərinə böyük önəm verdiyini, 1 Noyabr qələbəsi ilə də bu regional və ikitərəfli əlaqələrin daha da genişlənəcəyini nəzərə çatdırıb. Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrindən bəhs edən müəllif, hər iki ölkə hakimiyyətinin bu münasibətlərinin əhəmiyyətinin fərqində olduğunu, siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələri üzrə əməkdaşlığın qarşılıqlı faydalılıq və rasionallıq zəminində daha da inkişafı üçün yollar axtarıldığını qeyd edib. Pakistanın Azərbaycanın təhsil və iqtisadi təcrübəsindən faydalana biləcəyi, eləcə də Bakı-İslamabad birbaşa təyyarə reysləri vasitəsi ilə mövcud ikitərəfli iqtisadi əməkdaşlığın daha yuxarı səviyyəyə qaldırıla biləcəyi xüsusi vurğulanıb.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
http://www.diplomaticstar.com/magazine/?p=1683