ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ölkənin "Qazprom" şirkəti ilə danışıqlarına münasibət bildirib. ANS PRESS-in məlumatına görə, o, Gürcüstanın "Kviris palitra" ("Həftənin palitrası") qəzetinə müsahibə verib. Amerikalı diplomat Rusiya ilə danışıqların Gürcüstana edə biləcəyi təsirlərindən bəhs edib. "Gürcüstan bundan zərər görməməlidir və imkan verməməlidir ki, hər hansı konkret ölkə Gürcüstanın enerji təhlükəsizliyinə təsir rıçağı əldə etsin", - deyən səfir Yan Kelli Gürcüstanın ölkə müxalifətinin narazılığını nəzərə almalı olduğunu da bildirib. "Gürcüstan hakimiyyəti enerji mənbələrini şaxələndirmək istəyir. Amma əgər ictimaiyyət və müxalifət narahtdırsa, hakimiyyət "Qazprom" və ya SOCAR-la danışıqların şəffaflığını təmin etməlidir", - deyə o əlavə edib.
ABŞ-ın səfiri müsahibəsində Avropadan enerji tədarükünü də xatırladaraq Gürcüstanı ehtiyatlı olmağa çağırıb."Nəzərə almaq lazımdır ki, "Şərq-Qərb" enerji dəhlizi özündə təkcə Gürcüstandan deyil, Mərkəzi Asiya və Avropadan da enerji tədarükünü ehtiva edir və o, zərər görməməlidir", - deyə səfir öz ölkəsinin mövqeyini belə izah edib.
ABŞ səfiri Yan Kellinin belə fikirlər səsləndirməsinə səbəb Gürcüstan hakimiyyətinin Rusiyanın "Qazprom" şirkəti ilə qaz idxalı haqqında danışıqlar aparmasıdır.
Ölkənin energetika naziri Kaxa Kaladze isə bu haqda danışarkən bildirib ki, Azərbaycan Gürcüstan əhalisinin qaza olan ehtiyacını ödəyir, "Qazprom"la danışqlar isə əhalinin deyil, kommersiya ehtiyacı ilə bağlı aparılır.
Ümumiyyətlə, bu, hazırkı Gürcüstan hakimiyyəti ilə ABŞ səfiri arasında baş verən ilk narazılıq deyil. Ölkə rəhbərliyi səfirin Gürcüstanın daxili işlərinə qarışdığını deyib.
"ABŞ səfirinin müstəqil ölkənin daxili işlərinə qarışmağa haqqı yoxdur. Dostluğun da sərhədi var. Onları keçmək lazım deyil. Məncə, səfir üzr istəməlidir", - deyə hakim partiyanın liderlərindən biri olan Tamaz Meçiauri bildirib. Bu narazılığın yaranma səbəbi isə səfirin Gürcüstanda "Rustavi-2" telekanalı məhkəməsinə tənqidi münasibəti olub.