Belçika paytaxtında Paris hadisələrindən sonra antiterror əməliyyatlarına start verilib. APA TV-nin "Rossiya 24" telekanalına istinadən xəbərinə görə, Molenbekdə Şimali Afrika ölkələrindən olan sakinlərin yerləşdiyi ərazidə atışmalar baş verib.
Asayiş keşikçiləri "Kalaşnikov"lardan atəşə tutulub. Paytaxtın Deloun küçəsində polis avtomobil yolunu bağlayaraq terrorçuların gizləndiyi ehtimal edilən mənzilə daxil olmaq istəyirlər. Evin qapı və pəncərələri bağlıdır, ara-sıra ətrafa atəş açılır. Ehtimala görə, Paris qətliamını törədənlərin koordinatoru həmin ünvanda gizlənib.
Xatırladaq ki, araşdırmalar nəticəsində məlum olub ki, Belçika vətəndaşı Abdulhamid Abaaud adlı şəxs terror qruplaşması ilə birbaşa əlaqədədir və onların maliyyələşdirilməsində əsas fiqurlardan biridir.